Mətnin ölçüsü Plus Minus


“İnzibati idarəetmə” fakültəsi Akademiya yarandığı 1999-cu ildən fəaliyyət göstərir. Bu fakültə Dövlət İdarəçilik Akademiyasının əsas fəaliyyət istiqaməti olan dövlət idarəçiliyi üzrə müasir dövrün tələblərinə cavab verə bilən gənc kadrların hazırlanması üzrə ixtisaslaşmışdır. Fakültə Akademiyada dövlət idarəçiliyi üçün mütəxəssislərin hazırlanması sahəsində aparıcı fakültə olduğundan, müasir tələblər səviyyəsində dövlət idarəçiliyi üzrə yeni tərzdə düşünən, çevik idarəetmə qərarları çıxara bilən peşəkar mütəxəssislər hazırlamaqla məşğuldur. Fakültədə üç kafedra – “Dövlət idarəetməsi və menecment”, “İqtisadiyyatın dövlət tənzimlənməsi” və “Dövlət idarəçiliyində informasiya texnologiyaları” fəaliyyət göstərir. “İnzibati idarəetmə” fakültəsində bakalavr pilləsində təhsil alan tələbələr “İnzibati idarəetmə”, “Dövlət və bələdiyyə idarəetməsi” və “Menecment” ixtisaslarına yiyələnirlər. Fakültədə 58 adda fənn tədris olunur ki, bunların da arasında “Dövlət idarəçilik nəzəriyyəsi”, “Bələdiyyə idarəçiliyi”, “Dövlətin investisiya siyasəti”, “İdarəeetmədə sistemli təhlil”, “İdarəetmədə riyaziyyat” və s. fənlər xüsusi yer tutur. Fakültədə təcrübəli və qabaqcıl müəllimlərdən təşkil olunmuş Elmi Şura fəaliyyət göstərir. Fakültə Elmi Şurasında təsdiq olunmuş plana əsasən tədris ili ərzində fakültədə Boloniya prosesinin tətbiqi; fakültəyə qəbulun nəticələri; müəllimlərin təqvim-tematik və fərdi iş planlarının təsdiqi; qış və yay imtahan sessiyalarına hazırlıq və imtahanların nəticələri; akademik borcların ləğv edilməsi; kafedralarda aparılan elmi-tədqiqat işlərin vəziyyəti, onların vaxtında hazırlanması, təhvil verilməsi və müzakirə edilməsi; buraxılış işləri üçün mövzuların seçilməsi; kollokviumların keçirilməsi; fakültədə təlim-tərbiyə, nizam-intizam, dərslərə davamiyyət, əmək və tədris intizamına əməl edilməsi; açıq dərslərin keçirilməsi, dərslərin keyfiyyətinin yüksəldilməsi; keçilən fənlərin tədris-metodiki proqramlarla təmin olunması vəziyyəti; istehsalat təcrübəsinin keçilməsi üçün müəssisə və təşkilatların seçilməsi və bu işə nəzarət edilməsi; aspirant və dissertantların attestasiyasının təşkili, onların mövzularının və rəhbərlərinin təsdiq edilməsi; dəyirmi masalar, seminarlar keçirilməsi və s. məsələlər mütəmadi olaraq müzakirə olunur və lazımi tədbirlər görülür. Fakültədə təhsil alan tələbələr öz ixtisaslarına uyğun olaraq icra hakimiyyəti orqanlarına, nazirliklərə, müxtəlif təşkilatlara istehsalat təcrübəsinə göndərilirlər. Hazırda fakültəni bitirmiş yüzlərlə məzun yerli İcra hakimiyyətlərində, şəhər və rayon bələdiyyələrində, dövlət və kommersiya banklarında, sığorta şirkətlərində, xarici kompaniyalarda, özəl sektorda, müxtəlif ali məktəblərdə çalışırlar.




Printer