02.11.2013,
Mətnin ölçüsü Plus Minus
12

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, ABŞ-ın Stanford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflin ilə görüş keçirilmişdir. Professor-müəllim heyəti və tələbələrlə keçirilən görüşdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Nobel mükafatçısının elmi fəaliyyətindən, qazandığı uğurlardan və fizika elminin inkişafına verdiyi töhfələrdən danışmışdır. Forumun əhəmiyyətindən danışan rektor bildirmişdir ki, Bakıda keçirilən beynəlxalq tədbirdə dünyanın 70-dən çox ölkəsindən 800–dək qonaq, o cümlədən nüfuzlu ictimai-siyasi xadimlər, keçmiş dövlət başçıları, Nobel mükafatı laureatları və bir çox başqa tanınmış şəxslər iştirak etmişlər. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal bir məkandır. Forum, eyni zamanda, XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Azərbaycana gəlmək dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirən Robert Betts Laflin Beynəlxalq Humanitar Forumun Avropa səviyyəsində bir tədbir olduğunu vurğulamışdır. Forum çərçivəsində “dəyirmi masa”lar keçirilmişdir. Bu, humanitar və eyni zamanda, siyasi Forumdur. Çünki Forumda nüfuzlu elm adamları ilə yanaşı, görkəmli ictimai və siyasi xadimlər də iştirak etmişlər. Dünyada nüfuzu getdikcə artan Azərbaycan neft və digər təbii sərvətləri ilə zəngin ölkədir. Buraya gəldikdə gördüm ki, Azərbaycanda qeyri-neft sektoru da dinamik inkişaf edir. Görüşün əhəmiyyətindən danışan Nobel mükafatçısı cəmiyyətin, eləcə də dünyanın gələcəyinin bilik, təhsil üzərində qurulacağını qeyd edərək, tələbələri gələcəkləri haqqında indidən düşünməyə çağırmışdır. Sonra Robert Betts Laflin tələbələri maraqlandıran sualları cavablandırmışdır.




Printer